Mahmud Qurbanov peşmandır
23 Avqust 2010 Bazar Ertəsi 10:40
“Bakı” futbol klubu futbolçu Mahmud Qurbanova xəbərdarlıq edib.
"Bakı" futbol klubunun rəhbərliyi, futbolçu Mahmud Qurbanov ilə "Komanda" qəzetinin əməkdaşları arasında baş verən insidentə rəsmi münasibətini açıqlayıb. ANS PRESS-in məlumatına görə, klubun yaydığı məlumatda bildirilir ki, komanda üzvünün hərəkətinə sərt reaksiya verilib. "Bakı" futbol klubu tərəfindən Mahmud Qurbanova xəbərdarlıq edilib və Azərbaycan futbolunun adına yaraşmayan hərəkətlərə yol verdiyi üçün onun ciddi şəkildə cəzalandırılacağı futbolçunun diqqətinə çatdırılıb.

Bununla yanaşı, Mahmud Qurbanov qəzetin ötən sayında nəşr olunan və futbolçunun fikrincə, onun mənliyini təhqir edən, şərəf və ləyaqətini alçaldan yazıya emosional şəkildə münasibət bildirdiyinə görə peşman olduğunu ifadə edib. Bütün bunlarla bərabər, "Bakı" futbol klubu başvermə səbəbindən asılı olmayaraq mətbuat nümayəndələrinə qarşı yönələn istənilən hərəkətləri utancverici və yolverilməz sayır, gələcəkdə belə halların yaşanmaması üçün lazımlı addımların atılacağını bildirir.

Xatırladaq ki, futbolçu Mahmud Qurbanovun "Komanda" qəzetinin redaksiyasına hücum etdiyi bildirilir. Qəzetdən verilən məlumata görə, "Bakı"nın yarımmüdafiəçisi redaksiyadakı kompüterlərin bir neçəsini və qab-qacağı sındırıb. Futbolçu həmçinin qəzetin əməkdaşlarına fiziki təzyiq göstərib, döyməyə çalışıb. Olayla bağlı polisə məlumat verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar