Mahir Şükürov tənqid edildi
19 Avqust 2010 Cümə Axşamı 16:25
"Anji" klubunun baş məşqçisi Mahir Şükürovun ÇSKA ilə oyunundan narazı qalıb.
Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev mətbuat konfransı keçirib. Baş məşqçi konfransda jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. Baş məşqçi söhbət zamanı “Anji”də çıxış edən həmyerlimiz Mahir Şükürovu da tənqid etməyə macal tapıb.

Jurnalistlərdən birinin Rusiya çempionatının son turunda ÇSKA ilə oyunda “Anji”nin məğlub olmağında Mahir Şükürovun da günahı olduğu ilə bağlı sualına cavab verən Hacı Hacıyev bunları deyib: “Mahir Şükürov rəqib futbolçu Toşiçə ikili mübarizəni uduzdu. Rəqib Mahiri aldadaraq ötürmə verdi, nəticədə “Anji” qapısında ikinci qolu gördü. Halbuki mən düşünürəm ki, Mahir Şükürov Toşiçlə başabaş mübarizə apara bilərdi”.

Sonda Hacı Hacıyev meymanxanada Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqtsla görüşdüyünü və onunla Mahir Şükürovun oyununu müzakirə etdiyini bildirib. “Anji”nin baş məşqçisi Berti Foqtsun ona Mahir Şükürovun sağ cinah yarımmüdafiəçisi mövqeyində daha yaxşı təsir bağışladığını xatırlatdığını bildirib. Hacı Hacıyev Mahir Şükürovun qapıya zərbələri və ötürmələrinin həqiqətən təhlükəli olduğunu bildirərək onun gələcəkdə yarımmüdafiə xəttində oynamaq ehtimalını istisna etmədiyini vurğulayıb.

Xatırladaq ki, həmyerlimiz Mahir Şükürovun şərəfini qoruduğu “Anji” klubu Rusiya çempionatının son turunda ÇSKA ilə qarşılaşmışdı. Yığma komandamızın baş məşqçisi Berti Foqtsun stadiondan canlı izlədiyi oyunda “Anji” rəqibinə 0:4 hesabı ilə uduzmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar