Patris Evranı təhqir etməkdə günahkar bilinən Luis Suares səkkiz oyun meydana çıxmayacaq
“Liverpul” klubunun hücumçusu Luis Suares “Mançester Yunayted”in müdafiəçisi Patris Evranın ünvanına irqçi ifadələrinə görə səkkiz oyunluq diskvlifikasiya edilib. Məlumatı “The Daily Mail” yayıb.
Luis Suares 40 min funt cərimə də ödəməlidir. Futbolçunun İnciltərə Futbol Assosiasiyasından şikayət vermək üçün 14 gün vaxtı var.
Bu arada isə “Liverpul” klubu Luis Suaresin diskvalifikasiyası barədə qərarı təəccüb və təəssüflə qarşıladığını açıqlayıb. “Luisin yalnız Partis Evranın sözləri əsasında cəzalandırılmasını qəribə hesab edirik. Meydanda “Mançester Yunayted”in oyunçularından tutmuş hakimlər briqadasına qədər bunu heç kim eşitməyib”, - komandanın bəyanatında deyilir.
“The Daily Mail” xatırladır ki, insident oktyabrın 15-də “Mançester Yunayted” və “Liverpul” klublarının sonuncunun meydanında keçirilən oyununda qeydə alınıb. Patris Evra iddia edir ki, Luis Suares oyunun ikinci hissəsində dəfələrlə onu təhqir edib. İki oyunçunun toqquşmasından sonra hakim onları yanına çağırıb. Həmin vaxt Luis Suares rəqibinin başını sığallayıb. Patris Evra ona “Mənə dəymə, Cənubi Amerikalı” deyib, uruqvaylı futbolçu isə “Niyə, zənci?” cavabını verib.
Luis Suares bildirib ki, irqçi deyil və Uruqvayda ingilisdilli ölkələrdən fərqli olaraq, “zənci” sözü təhqir deyil.
30 yaşlı Patris Evra Seneqalda anadan olub, lakin uşaqlıqda Fransada yaşayıb. O, 2006-cı ildən “Mançester Yunayted”in şərəfini qoruyur.