Martın 16-da keçiriləcək AFFA-nın növbəti konfransında Premyer Liqada oynayan əcnəbi futbolçulara qoyulmuş limit yenidən dəyişdirilə bilər. Bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O, limitlə bağlı təkliflərin ortaya çıxdığını bildirib: “Bizdə legioner limiti ilə əlaqədar 1-2 təklif var. Bunlar hansısa klublar tərəfindən irəli sürülməyib. Sadəcə, bu məqamlar ıcraiyyə Komitəsi üzvləri arasında fikir mübadiləsi zamanı yaranıb. Konkret təkliflərin nədən ibarət olduğunu, limitin neçəyə dəyişdirilməsinin məqsədəuyğunluğunu isə söyləyə bilməyəcəyəm”. Məmmədov vurğulayıb ki, limit məsələsi konfransdan bir saat öncə keçiriləcək AFFA ıcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Ehtiyac yaranacağı təqdirdə, məsələ konfransda qaldırılacaq və iştirakçılar arasında müzakirələr aparılıb, yekun qərar veriləcək. Amma legioner limiti konfransın gündəliyinə daxil edilməyib. Hazırda Premyer Liqada legionerlərin sayına məhdudiyyət qoyulmur. 2007-ci ildə qəbul olunmuş qərara əsasən, hər bir klub heyətdə istədiyi qədər əcnəbi futbolçu oynada bilər. Bundan ötrü, sadəcə, üzvlük haqqını - 1 legioner üçün 20 min manatı ödəmək kifayətdir. Onu da qeyd edək ki, dünya futbolunda legioner limitinin tezliklə “6+5” (start heyətdə 6 yerli və 5 əcnəbi futbolçu) sisteminə uyğun qəbul olunacağı gözlənilir. Azərbaycan çempionatında limit müxtəlif vaxtlarda 5, “3+2”, “5+2” və digər şəkillərdə olub.