Komandamız dünya çempionatında iştirak edəcək
21 İyul 2010 Çərşənbə 11:40
Sabah Belarusun Brest şəhərində avarçəkənlər mübarizəyə başlayacaqlar.
Sabah Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürəcək. Dörd gün davam edəcək çempionata əvvəlki illərdə keçirilmiş analoji yarışlarla müqayisədə rekord sayda – 57 ölkədən 887 idmançı qatılacaq.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, yığmamız ardıcıl 3-cü dəfə 23 yaşadək akademik avarçəkənlərin dünya birinciliyində iştirak edəcək. Bu dəfə ölkəmiz 3 qayıq tipində 4 avarçəkənlə təmsil olunacaq. İskra Angelova qızların, Aleksandr Aleksandrov, Cavid Əfəndiyev və İqor Xmara oğlanların mübarizəsində qüvvələrini sınayacaqlar. Angelova qızlar arasında 1 nəfərlik qayıqla, Aleksandrov oğlanlar arasında 1 nəfərlik qayıqla, Əfəndiyev – Xmara dueti isə oğlanlar arasında 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqla 2000 metr məsafəyə yürüş edəcəklər.
Mayın əvvəllərindən Almaniyanın paytaxtı Berlində uzunmüddətli təlim-məşq toplantısında olan və bir neçə yarışda qüvvəsini sınayan idmançılarımız dünya birinciliyinin keçiriləcəyi məkana milli komandamızın məşqçiləri Yuliana Stoyeva və Sergey Prodanın rəhbərliyi altında yollanıblar. Yerli iqlim şəraitinə uyğunlaşmaq üçün Belarusa bir neçə gün öncədən gələn yığmamız hər gün müasir tipli qayıqlarla Brest Vilayətinin Avarçəkmə üzrə Olimpiya Ehtiyatları Mərkəzində hazırlıqlarını davam etdirir.
Dünya çempionatı da məhz 2007-ci il yanvarın 4-də istifadəyə verilmiş nəhəng idman qurğusunda keçiriləcək. Xatırladaq ki, dünya çempionatının təntənəli açılış mərasimi bu gün 21-də Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: