Klublarımız Avroliqada: Kim kiminlə, harda, nə vaxt?
12 İyul 2013 Cümə 00:53
Klublarımız növbəti mərhələyə hazırlaşırlar.
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan Azərbaycan təmsilçilərinin hamısı növbəti mərhələyə vəsiqə qazanmağı bacardı. Azerisport.az xəbər verir ki, “Qarabağ” Makedoniya “Metallurg”undan (hər iki oyunda 1:0), “Xəzər Lənkəran” Malta “Sliema”sından (səfərdə 1:1, evdə 1:0), “İnter” isə Finlandiya “Mariehamn”ından (evdə 1:1, səfərdə 2:0) üstün oldu.

Artıq təmsilçilərimizin növbəti mərhələdəki qarşılaşmaları ilə də bağlı əksər suallar aydındı. Məsələn, “Qarabağ” ikinci təsnifat mərhələsində Polşanın “Piast” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi bu rəqibi ilə ilk oyunu iyulun 18-də Bakıda keçirəcək. Cavab görüşü isə iyulun 25-də Polşada keçiriləcək.

“Xəzər Lənkəran” ikinci təsnifat mərhələsində İsrailin “Maccabi” (Hayfa) klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 18-də Hayfada keçiriləcək. Bu görüşü hətta sloveniyalı baş hakim Slavko Vinçiçin idarə edəcəyi də dəqiqdi. Cavab matçı isə iyulun 25-də Lənkəranda baş tutacaq.

“İnter”ə gəlincə, rəqib Norveçin “Tromse” klubu olacaq. “Bankirlər” də ilk oyunu iyulun 18-də Bakıda keçirməlidilər. Lakin həmin gün “Qarabağ” da Bakıda oyun keçirəcəyindən, mümkündü ki, “bankirlər”in oyunu ilə bağlı UEFA qərarını dəyişsin. Bu görüşün bir və ya iki gün öncə keçirilməsi istisna edilmir. Cavab görüşü də iyulun 25-də səfərdə keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar