Klassiklərimiz 1 qızıl, 4 bürünc medal qazanıb
04 Aprel 2011 Bazar Ertəsi 11:13
Almaniyanın Dortmund şəhərində güləş üzrə qitə birinciliyinə yekun vurulub
Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatı başa çatıb. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, sərbəst və qadın güləşçilərimizdən sonra yarış proqramının beşinci və altıncı günündə bu dəfə yunan-roma güləşçilərimiz mübarizəyə qoşulub.

Eldəniz Əzizli (55 kq) startda almaniyalı Lukas Helqmeyerlə münasibətlərinə aydınlıq gətirib. Onu asanlıqla mübarizədən kənarlaşdıran idmançımız ardından rumıniyalı Virgil Munteanuya da eyni aqibəti yaşadıb. Ardından polşalı Mariuş Losu da sıradan çıxaran Əzizli yalnız yarımfinalda büdrəyib. Erməni Roman Amoyanla döyüş təəssüf ki, idmançımız üçün uğursuz alınıb. Lakin o, bürünc medal uğrunda mübarizə aparmaq şansını saxlayırdı. Nəticədə rusiyalı Valeri Borqoyakovla üz-üzə gələn idmançımız turniri medalla tərk edib.

Vitali Rəhimov (66 kq) birinci mərhələdə Slovakiya təmsilçisi Riçard Riqo ilə qarşılaşıb və qələbə qazanıb. Lakin növbəti mərhələdəki Tamaş Lorinç (Macarıstan) onun üçün keçilməz olub. Macar idmançının sonda finala qədər irəliləməsi isə idmançımıza bürünc medal qazanmaq şansı yaradıb. Bu üzdən də idmançımız öncə türkiyəli Abdulsamed Günalla qarşılaşıb və qələbə qazanıb. Ardından rumın İon Panaitə də eyni aqibəti yaşadan bu idmançımız da üçüncü yerlə kifayətlənib.

Saman Təhmasibi də startda Eldəniz Əzizli kimi (84 кq) meydan sahibi olan idmançıyla – Yan Fişerlə görüşüb. Amma o, elə startdaca məğlub olaraq medal qazanmaq şansını itirib.
Ağır çəkililərin mübarizəsində isə Maksim Proxorov (120 kq) medal qazanmaq yolunda ilk sınağını çexiyalı Marek Sveş qarşısında verib. Güləşçimiz bu rəqibini mübarizədən kənarlaşdıra bilsə də, ardından almaniyalı Niko Şmidtə məğlub olaraq, yarışla erkən vidalaşmalı olub.
Avropa və dünya çempionumuz Həsən Əliyev (60 kq) birinci görüşünü slovakiyalı Norbert Hosnedluya qarşı keçirib və problemsiz qələbə qazanıb. Növbəti mərhələdə rusiyalı Arslan Abdullinlə qarşılaşan həmyerlimiz bu rəqibini də məğlubiyyətə uğradıb. Növbəti mərhələdə Norveç idmançısı Stiq Berge də Əliyev üçün problem yarada bilməyib. Lakin yarımfinaldakı Revaz Laşki idmançımızın finala çıxmasına imkan verməyib. Buna baxmayaraq bürünc medal qazanmaq şansı olan Həsən Əliyev rumıniyalı Eysebio Dyakonunu məğlub etməklə növbəti medalımızı qazanıb.

Rafiq Hüseynov (74 kq) start matçında ispaniyalı Rikardo Gil Sorliylə qarşılaşıb və qələbə qazanıb. Növbəti mərhələdə fransız Kristof Jenonu məğlub edən həmyerlimiz sloveniyalı Yure Kuxorla mübarizədən də qalib ayrılıb. Yarımfinalda isə Selcuk Çebi ilə qarşılaşan idmançımız adını finala yazdırıb. Finalda R.Hüseynovu macar Peter Baçi ilə döyüş gözləyirdi ki, həmyerlimiz bu rəqibini də mübarizədən kənarlaşdıraraq, baş mükafata sahib çıxıb.

Nəhayət, 96 kq-da yarışan idmançımız Şalva Qadabadze ilk sınağında slovakiyalı Filip Kojeqlə münasibətlərinə aydınlıq gətirib və qələbəyə sevinib. Növbəti mərhələdə finlandiyalı Rami Antero də idmançımıza problem yarada bilməyib. Belaruslu Timofey Denisenko isə Qadabadzenin finala yolunu kəsib. Güləşçimiz bürünc medal qazanmaq üçün çexiyalı David Valanı məğlub etməli idi ki, bu şansdan da maksimum yararlana bilib.

Beləliklə, bütövlükdə komanda hesabında 1 qızıl, 4 bürüncə sahib çıxan yunan-roma güləşçilərimiz 42 xalla Avropada 2-ci olublar. Birinci yeri 44 xalla Rusiya (2-1-1) tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar