Kikboksinq üzrə çempionat başa çatdı
13 Aprel 2009 Bazar Ertəsi 10:30
Yarışın son günündə 12 çəki dərəcəsi üzrə üzrə qaliblər müəyyənləşib

 

Kikboksinq üzrə Azərbaycan çempionatı başa çatdı. Sonuncu yarış günündə böyüklər 12 çəki dərəcəsi üzrə qalib və mükafatçıları müəyyənləşdirdilər. Ən aşağı çəki dərəcəsində Nicat Hüseynov ölkə çempionatını 1-ci yerdə başa vurdu. Müvafiq olaraq 54 və 57 kq-larda Emil Kərimov və Sərxan Mədətov çempion oldu.

Günün ən maraqlı döyüşlərindən biri ağırlığı 60 kq olan kikboksçuların mübarizəsində qeydə alındı. Burada dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov növbəti dəfə öz çəkisinin ən güclüsü olduğunu sübut etdi.

Ramal Aslanov 63, Ruslan Orucov 67 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. 71 kq çəki dərəcəsində Elmar Mürsəlov ölkə çempionu adını qazandı. Kamil Şərifov eyni uğura 75 kq-da imza atdı. Bir müddət əvvəl Bakıda keçirilmiş Kikboks üzrə beynəlxalq turnirdə portəgizli Leonildo Evora Dominqosu nokaut edərək Avropa kəmərinə sahib olan Ehram Məcidov, 81 kq çəki dərəcəsində ölkə çempionu adını qazandı. Samir Kazımov 86 kq çəkili kikboksçuların mübarizəsində bütün rəqiblərinə qalib gəldi. 91 kq-da Anar Məmmədov, ən ağırların yarışında isə Hafiz Baxşəliyev öz çəkisində ən güclü oldu.

Komanda hesabında isə Neftçi idman sağlamlıq mərkəzi birinci yeri tutdu. Kikboksinq üzrə bu dəfəki ölkə çempionatının yekununa görə milli komandanın heyəti müəyyənləşəcək. Usta kikboksçular iyunda İspaniyada, yeniyetmələr isə sentyabrda Xorvatiyada keçiriləcək Dünya çempionatında Azərbaycanın idman şərəfini qoruyacaqlar. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar