Kəmaləddin Heydərov boksçularımızı qəbul edib
04 İyul 2011 Bazar Ertəsi 10:03
Azərbaycan Boks Federasiyası prezidenti Kəmaləddin Heydərov məqsədin Olimpiadaya daha çox lisenziya qazanmaq olduğunu bildirib.
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov Türkiyənin paytaxtı Ankarada keçirilən Avropa çempionatında uğurla çıxış etmiş idmançılarla görüşüb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, Federasiya prezidenti dövlət başçısı İlham Əliyev tərəfindən ölkəmizdə idmana və olimpiya hərəkatına xüsusi diqqət yetirildiyini deyərək, bunun nəticəsində bütün idman növlərində böyük uğurların əldə edildiyini bildirib: “Komandamız Avropa çempionatında uğurla çıxış etdi. Medal qazanan boksçularla yanaşı, ilkin mərhələdə uduzanlar da pis təsir bağışlamadılar. Sentyabrda Bakıda lisenziya xarakterli dünya çempionatı keçiriləcək. İndi əsas məqsəd həmin yarışa yaxşı hazırlaşmaq və London Olimpiadasına mümkün qədər çox vəsiqə qazanmaq olacaq”.
ABF-nin vitse-prezidenti Süleyman Mikayılov boksçulara göstərilən qayğıya görə, federasiya rəhbərinə təşəkkür edib. ABF-nin birinci vitse-prezidenti Ağacan Abiyev təkcə böyüklərdən ibarət komandada deyil, aşağı yaş qruplarında da yüksək nailiyyətlər əldə edildiyini xatırladıb. Avropa çempionatının qalibləri Salman Əlizadə, Teymur Məmmədov, bürünc mükafatçı Heybətulla Hacəliyev, milli komandanın çalışdırıcıları və şəxsi məşqçilərə pul mükafatları təqdim olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: