Kasparov Azərbaycan şahmatına təriflər yağdırdı
10 Yanvar 2011 Bazar Ertəsi 11:50
Şahmatçı Kasparov Almaniya mətbuatına müsahibə verib.
Məşhur şahmatçı Harri Kasparov Azərbaycan şahmatından danışıb. Rusiyanı təmsil edən şahmatçı Almaniyanın “Frankfurter Allgemeine” qəzetinə müsahibəsində Rusiya şahmatında durğunluğun olduğunu, Azərbaycanda isə fərqli mənzərənin olduğunu deyib.
Jurnalistin “Nə üçün dövlətin dəstəyinə baxmayaraq, Rusiyada şahmat idman növündə çempionlar az yetişir?” sualına şahmatçı belə cavab verib: “Düşünürəm ki, rusiyalı idmançılarda oyun ehtirası çatışmır. Şahmat üzrə Dünya çempionatlarında 8-18 yaş arasında çoxlu Rusiya şahmatçısı yarışlara qatılır. Ancaq onlar bir dəfə də olsun qızıl medal qazana bilməyiblər. Azərbaycan isə üç dəfə uğur qazanıb. Şahmatıın inkişafını ölkənin inkişafından kənarda tutmaq mümkünsüzdür. Azərbaycanda şahmatın inkişaf modeli Sovet İttifaqı modelinə uyğundur. Sovet İttifaqında yaxşı siyasi sistem olmasa da, şahmatın inkişafına samballı vəsait ayrılırdı. Bu idman növü ideoloji silah və intellekti inkişaf etdirmək üçün bir vasitə olduğu üçün dövlət onun inkişafına xüsusi diqqət ayırırdı. Azərbaycanda da bu cürdür”.
Xatırladaq ki, Harri Kasparov 1963-cü ildə Bakıda doğulub. Onun əmisi bəstəkar Leonid Vaynşteyn Azərbaycan SSRİ-nin əməkdar incəsənət xadimi adını qazanıb. Kasparov isə ilk dəfə yeddi yaşında Bakının “Pionerlər sarayı”nda şahmatla məşğul olmağa başlayıb. Sonradan Harri Kasparov şahmat aləmində demək olar ki, bütün mümkün titullara sahib çıxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: