Aprelin 9-dan 13-dək Danimarkada Aşixara kayakan karate üzrə Dünya çempionatı keçirilib. Aşixara kayakan karate üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mair Bağırovun verdiyi məlumata görə, yarışda 5 idmançı ilə təmsil olunan Azərbaycan 4 medal qazanıb. Komandamızın heyətində ən yaxşı nəticəni Səfa Cabbarov göstərib. 60 kq çəki dərəcəsində yarışan Səfa bütün rəqiblərini məğlub edərək Dünya çempionu olub. S.Cabbarov eyni zamanda çempionatın ən yaxşı texniki döyüşüçüsü tituluna da layiq görülüb. Yalnız final görüşündə məğlub olan Namiq Məmmədzadə (75 kq) dünya çempionatının gümüş medalını qazanıb. Digər iki təmsilçimiz 65 kq-da yarışan Ramin Əvəzzadə və Pənah Qurbanov (70 kq) dünya çempionatının bürünc medalına layiq görülüb. 70 kq çəki dərəcəsində çıxış etmiş Elnur Xəlilov isə zədələndiyi üçün mübarizəni erkən dayandırmaq məcburiyyətində qalıb.
Elvin Rəsul/ANS PRESS/