Karate üzrə Azərbaycan milli komandası Avropa üçüncüsü oldu
11 May 2009 Bazar Ertəsi 11:10
Karateçilərimiz 3-cü yer uğrunda görüşdə İspaniya millisini məğlub ediblər

 

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən karate üzrə 44-cü Avropa çempionatı başa çatdı. Azərbaycan Milli Karate Federasiyasından ANS  PRESS-ə verilən məlumata görə, yarışda iştirak edən kişilərdən ibarət Azərbaycan karate milli komandası Avropa üçüncüsü olub. Komanda kumite yarışlarında iştirak edən millimiz 1/16 final görüşündə Slovakiya millisini 3-1, 1/8 finalda Belarusu 2-1, ¼ finalda isə Almaniya komandasını 3-0 hesabı ilə məğlub edib. Yarımfinal görüşündə Türkiyə karateçiləri ilə qarşılaşan millimiz 1-2 hesabı ilə məğlub olaraq finala çıxmaq şansını itirib. Daha sonra təsəlliverici görüşə çıxan karateçilərimiz İspaniya millisini 3-1 hesabı ilə məğlub edərək Avropa çempionatını 3-cü yerdə tamamlayıblar.

Yarımfinalda Azərbaycanı məğlub edən Türkiyə millisi isə Avropa çempionatının qalibi olub. Yunanıstan karateçiləri isə çempionatı 2-ci yerdə başa vurublar.

Qeyd edək ki, Azərbaycan karateçiləri fərdi yarışlarda 3 medal qazanıblar. Rafael Ağayev və Niyazi Əliyev Avropa çempionatının qızıl, Amal Atayev isə bürünc medal əldə edib.

Elvin Rəsul /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar