Kanoe milli komandamız Avropa çempionu oldu
20 İyun 2011 Bazar Ertəsi 12:46
Kanoeçilərimiz uğura Serbiyanın paytaxtı Belqradda imza atıblar.
Azərbaycanın kanoe üzrə milli komandası Serbiyanın paytaxtı Belqradda başa çatan Avropa çempionatında ümumi hesabda medal əyarında birinci yeri tutub. Azərbaycan Milli Avarçəkmə Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, yığmamız bu uğura Valentin Demyanenkonun 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşdə 2 qızıl, Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin isə 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə gümüş medal qazanmaları sayəsində nail olub. Ölkəmiz əldə etdiyi 2 qızıl, 1 gümüş medalla Almaniya (2 qızıl), Rumıniya (1 qızıl, 1 gümüş, 1 bürünc), Macarıstan, Rusiya (hər ikisi 1 qızıl, 1 bürünc), Litva (1 qızıl), Belarus (3 gümüş, 1 bürünc), İspaniya (2 gümüş, 1 bürünc), Polşa (1 gümüş, 1 bürünc), Çexiya, Ukrayna (hər ikisi 1 bürünc) kimi ölkələri geridə qoyub.
Avropa çempionatında kayak və kanoe yarışlarına qatılan 39 ölkədən isə cəmi 18-i medal qazanmağı bacarıb. Onların arasında ölkəmiz medal əyarında 5-ci yeri tutub, medal sayında isə 9 – 11-ci yerləri bölüşdürüb. Medal əyarında millimiz Macarıstan (6 qızıl, 3 gümüş, 2 bürünc), Belarus (5 qızıl, 5 gümüş, 3 bürünc), Almaniya (4 qızıl, 4 gümüş, 1 bürünc) və Rusiyadan (4 qızıl, 1 gümüş, 4 bürünc) geri qalıb. Əvəzində yığmamız Polşa (1 qızıl, 2 gümüş, 3 bürünc), Rumıniya (1 qızıl, 1 gümüş, 2 bürünc), Böyük Britaniya (1 qızıl, 1 gümüş, 1 bürünc), Portuqaliya (1 qızıl, 3 bürünc), Litva (1 qızıl), İspaniya (3 gümüş, 1 bürünc), Ukrayna (1 gümüş, 2 bürünc), İsveç (1 gümüş, 1 bürünc), Norveç, Serbiya, Slovakiya (hamısı 1 gümüş), Danimarka (2 bürünc) və Çexiyanı (1 bürünc) geridə qoyub. Medal sayında isə komandamız Belarus (13), Macarıstan (11), Almaniya, Rusiya (hər ikisi 9), Polşa (6), Rumıniya, Portuqaliya və İspaniyadan (hamısı 4) geri qaldığı halda, Böyük Britaniya və Ukrayna (hamısı 3) ilə bərabər, İsveç, Danimarka (hər ikisi 2), Litva, Norveç, Serbiya, Slovakiya və Çexiyadan (hamısı 1) isə üstün olub.
Bundan başqa, Avropa çempionatına qatılan 39 ölkənin idmançılarının göstərdikləri nəticələrə əsasən xallar da hesablanıb. Yarışda 4 kanoeçi, 1 kayakçı ilə təmsil olunan Azərbaycan üst-üstə 91 xal yığıb. Bütün təmsilçilərimiz ölkəmizin hesabına xal yazdırmağı bacarıblar. Xallardan 49-unu Sergey Bezuqlıy – Maksim Prokopenko dueti toplayıb. Onlar 500 metr məsafəyə yürüşdə 2-ci yeri tutduqları üçün 18 xal, 1000 metr məsafədə 4-cü olmaları səbəbindən 16 xal, 200 metr məsafədə 5-ci yerlə kifayətləndiklərindən, 15 xal yığıblar. Həm 500 metr, həm də 200 metr məsafədə 1-ci yeri tutan Valentin Demyanenko üst-üstə 40 xal (20 xal + 20 xal) toplayıb. 1 nəfərlik kanoe qayığı ilə 1000 metr və 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafələrə yürüşlərdə yarımfinaladək irəliləməyi bacaran Boqdan Kurudz və Nataliya Fiklisova isə hərəyə 1 xal alıblar. Beləliklə, ölkəmiz kişi kanoeçilərin yarışında 90 xalla 5-ci yeri tutub. İlk 4 pillədə Rusiya (112 xal), Belarus (107 xal), Rumıniya (101 xal) və Macarıstan (98 xal) qərarlaşıb. Qadın kayakçıların mübarizəsində ölkəmiz 1 xalla 25-ci olub. Hər iki növün cəmində isə Azərbaycan 91 xal toplayaraq 18-ci yerlə kifayətlənib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: