Azərbaycan A Milli komandasının qapıçısı Kamran Ağayev “Xəzər-Lənkəran”la yeni müqavilə imzalayacaq. Yayda “Xəzər Lənkəran”la müqaviləsi başa çatacaq qapıçı, Lənkəran təmsilçisindən ayrılmamaq qərarına gəlib. “Xəzər-Lənkəran”dan ayrılaraq xarici klublarda çıxış etmək arzusunda olan milli qapıçı, klub prezidenti Mais Mənsimovla danışıqlardan sonra bu fikirindən daşınaraq karyerasını “Xəzər-Lənkəran”da davam etirməyə razılıq verib. 2006-cı ilin avqustundan Lənkəran təmsilçisinin şərəfini qoruyan Ağayev, yaxın vaxtlarda “Xəzər-Lənkəran”la yeni müqavilə imzalayacaq.
Klubun rəsmi saytına açqılama verən 23 yaşlı qapıçı ,“Xəzər Lənkəran”ı özünə doğma klub hesab etdiyini bildirib: “Karyeramın ən uğurlu dönəmlərini “Xəzər Lənkəran”ın heyətində keçirmişəm. Komandamız və azarkeşlərimiz mənə doğmalaşıb. Düzdü, ölkə xaricinə yollanıb daha səviyyəli çempionatda oynamaq haqda düşünürdüm. Əminəm ki, bu istəyimə görə azarkeşlərimiz məndən inciməz “böyük çempionat” və ya “böyük klub”da oynamaq hər bir futbolçunun arzusudur. Lakin sonra qərara aldım ki, indi klubu dəyişmək doğru deyil. Hər halda uzun müddətdir zədəliyəm və formada deyiləm. Buna baxmayaraq, “Xəzər Lənkəran” mənə yeni müqavilə təklif etdi və sonda hesab etdim ki, komandada qalmaq ən doğru addımdır. Daha səviyyəli çempionata keçmək imkanımsa hələ olacaq. Gələn mövsümü isə “Xəzər Lənkəran”ın heyətində başlayacam və bundan sonra ilk işim zədəmi müalicə edib komandamıza uğur qazandırmaq və mənə hər zaman dəstək olar azarkeşlərimizi sevindirmək olacaq”.
Qeyd edək ki, aprelin 22-də İstanbula yollanacaq Kamran Ağayev orada əməliyyat olunacaq. Artıq üç aydır ki, onurğa sütunundakı ağrılardan əziyyət çəkən qapıçı, ölkə daxilində iki dəfə müalicə kursu alsa da, həkimlər uğurlu nəticə əldə edə bilməyiblər. Futbolçunun hazırda cərrahi müdaxiləyə ehtiyacı var. Komandanın həkimi Boris Xetaqurov Kamranın tam sağalacağı günü proqnozlaşdırmağa tələsməməyi və əməliyyatı gözləməyi məsləhət bilib. /ANS PRESS/