Kaka Qalatasaray klubuna gəlir?
29 İyun 2011 Çərşənbə 19:35
İstanbul klubunun braziliyalı futbolçu Kakanın transferi üçün çalışmalara başladığı xəbəri yayılıb.
"Qalatasaray" daha bir ulduzu hədəfə alıb. Klub prezidenti Ünal Aysal baş məşqçi Fatih Terimlə görüşdə super ulduzun transferini müzakirə edib. Ünal Aysal baş məşqçiyə bunları deyib: "Məndən gənclərin transferini istəməyin. Avropaya getmək istəyiriksə, təcrübəli futbolçular almalıyıq". Bunun ardınca "Cim-Bom" Kakanın transferi üçün çalışmalara başlayıb. Ünal Aysal "Real"ın Futbol Komitəsinin rəhbərinə zəng edərək transfer məsələsini müzakirə edib. "Real"la 2015-ci ilə qədər müqaviləsi olan, amma heyətə düşə bilmədiyi üçün komandadan ayrılmaq istəyən futbolçunun "Qalatasaray"a transfer şansı böyükdür.

Qeyd edək ki, Kaka karyerası ərzində Braziliyanın "San Paulo", İtaliyanın "Milan" və İspaniyanın "Real" klublarında çıxış edib. Braziliya yığmasında 82 oyun keçirib 27 qola imza atan 29 yaşlı futbolçu İtaliya çempionluğunu, Super Kubokunu, İspaniya Kubokunu, Çempionlar Liqasını, Avropa Super Kubokunu, iki dəfə Klublararası Dünya çempionluğunu qazanıb, 2002-ci ildə Braziliya yığması ilə dünya çempionu, 2005 və 2009-cu illərdə Konfederasiyalar Kubokunu qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar