İtaliyalı məşqçi: “Azərbaycan layiqli qələbə qazandı”
10 Yanvar 2011 Bazar Ertəsi 11:21
Millimiz Valentin Qranatkin memorialında çıxışını başa vurub.
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnir milli komandamız üçün başa çatıb. Turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət yığmamız 7-8-ci yerlər uğrunda oyunda digər qrupun sonuncusu İtaliya millisi ilə qarşılaşıb.
ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, Vəli Qasımovun yetirmələri italiyalılarla oyunda iki dəfə məğlub duruma düşsələr də, meydanı qələbə ilə tərk ediblər. Matç 2:2 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan millimiz 5:3 hesablı qələbə qazanaraq, turniri 7-ci pillədə başa vurub. Oyundan sonra hər iki komandanın baş məşqçiləri qarşılaşma barədə fikirlərini bildiriblər.
İtaliya yığmasının baş məşqçisi Paskuale Salerno: “Məğlubiyyətlərimizin əsas səbəbi fiziki hazırlığımızın yaxşı olmamasıdır. Bu, futbolçularım üçün bəhanə deyil, amma reallıqdır. Fiziki hazırlığımız yaxşı olmadığı üçün bu gün uzaq məsafəyə ötürmələrə üstünlük verirdik. Çünki futbolçularım 90 dəqiqə ərzində bütün meydan boyu qaçmağa hazır deyil. Rəqibimiz layiqli qələbə qazandı”.
Yığmamızın baş məşqçisi Vəli Qasımov qarşılaşmada yetirmələrinin rəqibə nisbətən daha sürətli oynadıqlarını vurğulayıb: “İtaliya yığmasının yorğunluğunu hiss etmişdik. Futbolçularıma müdafiədən hücuma mümkün qədər sürətli keçməyi tapşırmışdım. Komanda bunun öhdəsindən demək olar ki gəldi. Turnirdə daha yüksək yerlər uğrunda oynaya bilərdik. Düşünürəm ki, buna bəxt amili də mane oldu”, - deyə Vəli Qasımov bildirib.
Xatırladaq ki, 19 yaşadək futbolçulardan ibarət yığmamız Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnirdə Ukrayna və Belarus yığmaları ilə oyunlarda müvafiq olaraq 1:1 və 0:0 hesabı ilə heç-heçə oynayıb. Çin kollektivinə isə 0:3 hesabı ilə uduzmuşdu.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: