İtaliya millisi ümidləri puç etdi
24 İyun 2010 Cümə Axşamı 22:00
İtaliya yığması Dünya çempionatını tərk etdi.
Futbol üzrə ötən Dünya çempionatının finalçıları qara mundialla vidalaşdı. Fransadan sonra dünya çempionu İtaliya yığması da mübarizəni qrup mərhələsində dayandırdı.

Futbol üzrə Dünya çempionatının favoritlərindən sayılan İtaliya seçməsi “F” qrupunda son matçını Slovakiya seçməsinə qarşı keçirdi. Gözlənilənlərin əksinə olaraq, görüşdə ilk qol italiyalıların qapısına vuruldu. 25-ci dəqiqədə Robert Vittek hesabı açdı (1-0). Fasilədən sonra da oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Amma bu dəfə də fərqlənən slovaklar oldu. İlk qolun müəllifi Vittek dublunu rəsmiləşdirdi. Bu hesabla razılaşmayan Appenin təmsilçiləri 81-ci dəqiqədə buraxılmış qollardan birinin əvəzini çıxdı. Antonio Di Natale komanda yoldaşlarını ümidləndirdi. 85-ci dəqiqədə isə Kuaryarelanın fərqlənməsini hakim oyundan kənar vəziyyət kimi qiymətləndirdi.

Əvəzində Slovaklar 3-cü qolu vurdular. Kamil Kopunek fərqi 2-yə çatdırdı. Bu da qarşılaşmada vurulmuş son qol olmadı. Kualyarela mükəmməl zərbə ilə gözəl qola imza atdı (3-2). Marçelo Lippinin yetirmələrinin bərabərlik qolunu vurmasına sadəcə olaraq vaxt çatmadı və görüşü məğlub başa vurmuş İtaliya millisi mundialla vidalaşdı. Slovakiya isə bu qrupdan 1/8 finala vəsiqə qazandı.

Bu qrupun ikinci matçında Paraqvay və Yeni Zelandiya yığmaları üz-üzə gəldi. İlk hissəsi maraqsız keçən oyunda ən real qol vəziyyəti fasilədən sonra zelandiyalıların qapısı ağzında yarandı.

Riverosanın zərbəsini Mark Peston zərərsizləşdirdi. 81-ci dəqiqədə isə okeaniya təmsilçisinin qapıçısı Santa Kruza fərqlənmək imkanı vermədi və görüş elə başladığı kimi də yekunlaşdı (0-0). Qrup lideri olan Paraqvay millisi isə növbəti mərhələyə adladı.

Bu axşam “E” qrupunun oyunlarına da yekun vurulacaq. Play-off-a vəsiqəni təmin etmiş Hollandiya iddiasını itirmiş Kamerunla görüşəcək. Qrupun mərkəzi matçında isə Danimarka və Yaponiya seçmələri ölüm-dirim mübarizəsinə çıxacaqlar. Belə ki, bu matçın qalibi 1/8 finala ikinci vəsiqənin sahibi olacaq. “E” qrupunda oyunlar Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar