İstədiyimizə nail olduq
21 Fevral 2011 Bazar Ertəsi 23:41
U-19-un baş məşqçisinin sözlərinə görə, futbolçular verilən tapşırıqları yerinə yetirməyi bacarıb
“Yaş etibarilə bizdən böyük komanda ilə qarşılaşdıq. Rəqibimizin çox güclü komanda olduğunu demək mümkün olmasa da, oyun ərzində istədiyimizə nail olduq”. ANS PRESS-in məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov Almaniyanın TSV «Münhen 1860» klubu ilə qarşılaşmanı şərh edərkən deyib.

“Əsas məqsədimiz müdafiəni düzgün qurmaq idi. Futbolçular bunun öhdəsindən təxminən 80 faiz gəldilər. Verilən tapşırıqları yerinə yetirməyi bacardılar. Topa nəzarət edən tərəf biz olduq. Rəqib oyunun gedişində 15 dəqiqə pressinq tətbiq etmək istəsə də, buna nail ola bilmədi”, - deyə baş məşqçi əlavə edib.

Xatırladaq ki, Antalyada keçirilən qarşılaşma 4:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar