İspaniya ya Hollandiya?
11 İyul 2010 Bazar 17:55
Azarkeşlərin həyəcanla gözlədiyi bu sualın cavabı bu gün axşam məlum olacaq.
Dünya çempionu kim olacaq: İspaniya ya Hollandiya? Futbol azarkeşlərinin həyəcanla gözlədiyi bu sualın cavabı bu gün axşam məlum olacaq. Beləliklə də, Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının 1 aylıq həyəcanına da bu gün son veriləcək.

“Narıncılar”ın çalışdırıcısı Bert van Marveyk oyunöncəsi arzuolunmaz vəziyyətlə üzləşib. Belə ki, hollandların çərçivə qoruyucusu Martin Stekelenburq qabırğasından aldığı zədə səbəbindən həlledici görüşü buraxa bilər. İspanların isə bu baxımdan problemi yoxdur.

Qeyd edək ki, Hollandiya yığması keçirdiyi son 25 oyunda məğlubiyyət acısı yaşamayıb. Lakin onların əleyhinə olan bir statistika var. Finalda oynanılmış 2 oyun və hər iki halda yaşanmış məğlubiyyət acısı. Pireneyliləri də narahat edən ənənə var. Belə ki, indiyə qədər mundiala məğlubiyyətlə başlayan ispanlar hələ ki, sonda kuboka yiyələnə bilməyib. Visente del Boskenin yetirmələri isə ilk oyunda isveçrəlilərə minimal hesabla məğlub olmuşdular. Bütün statistikalara baxmayaraq qalibi meydana çıxacaq 22 futbolçu müəyyən edəcək. Kimin ənənəni pozacağını indidən söyləmək mümkün olmasa da, dəqiq olan bir fakt var. Bu dəfəki final matçından sonra dünya çempionları siyahısına yeni bir ad əlavə olunacaq. Buna səbəb isə İspaniya və Hollandiyanın indiyədək dünya kubokuna sahib çıxa bilməməsidir. “Narıncılar” 1974 və 1978-ci illərdə buna çox yaxın olsa da, hər iki halda meydan sahiblərinə boyun əyib. Pireneylilər isə ümumiyyətlə tarixində ilk dəfə finala vəsiqə qazanıb.

Xatırladaq ki, 2010-cu il dünya çempionatının final qarşılaşması bu gecə saat 23:30-da başlayacaq. Mundialın son qarşıdurmasında ədaləti qorumaq İngiltərəni təmsil edən baş hakim Hovard Uebbə həvalə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar