İspaniya millisi Dünya Çempionatında ilk qələbəsini qazandı
22 İyun 2010 Çərşənbə Axşamı 02:15
Hazırkı Avropa çempionları autsayder Honduras millisinin qapısından iki cavabsız top keçirə bildilər.
İspaniya millisi futbol üzrə Dünya Çempionatında ilk qələbəsini qazanıb. İspanlar Honduras millisini 2:0 hesabı ilə məğlub ediblər. Hər iki qolu David Vilya vurub. O, het-trikə də imza ata bilərdi. Lakin hücumçu 11 metrlik cərimə zərbəsini qola çevirə bilməyib.

2010-cu ilin Dünya Çempionatının favoritlərindən biri sayılan İspaniya oyuna inamla nəzarət edib və çoxsaylı qol vəziyyətləri yaradıb. David Vilya ilk qolunu 17-ci dəqiqədə vurub. 51-ci dəqiqədə ikinci qolda honduraslı futbolçuların özlərinin rolu az olmadı. Əks-hücum zamanı David Vilya Navasda ötürmə alıb və zərbəsindən sonra top müdafiəçiyə dəyərək qapıdan keçib.

Autsayder üzərindəki qələbədən sonra İspaniya millisi imlk turdakı uğursuzluğun əvəzini qismən çıxa bilib. Honduras millisinə gəldikdə isə, onlar dalbadal ikinci məğlubiyyətə uğradılar və CAR-da bir qol da vura bilməyiblər.

Hazırkı Avropa çempionları üç xalla H qrupunda ikinci pillədədirlər. Onlar birinci turda məğlub olduqları İsveçrə millisini yalnız top fərqinə görə üstələyirlər. Bir qədər əvvəl İsveçrə millisini 1:0 hesabı ilə məğlub edən Çili millisi qrupda liderdir. Sonuncu turda İspaniya və Çili milliləri qarşılaşacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar