Avro-2008-in qalibi İspaniya millisi artıq Bakıdadır. Avropanın futbol nəhəngini qarşılamaq üçün Heydər Əliyev beynəlxalq hava limanına böyüklü-kiçili onlarla futbol azarkeşi yollanıb. İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilya Lyona və İspaniya millisinin qapıçısı İker Kasilyas hava limanında jurnalistlərin suallarını cavablandırıblar.
İlker Kasilyas: “Futbolda asan oyun olmur. Mənim Azərbaycan haqqında o qədər də məlumatım yoxdur. Amma bilirəm ki, bu oyunda qalib gəlmək çox vacibdir. Elə Azərbaycan üçün də nəticə qazanmaq çox önəmlidir“.
Anxel Mariya Vilya Lyona: “Bakıda olmaq xoşdur. Şübhə etmirəm ki, burada bütün təşkilatçılıq yüksək səviyyədə olacaq. Azərbaycanda futbol oynamağı sevirələr. Amma biz uzun müddətdir ki, heç bir komandaya uduzmuruq, burada da qalib gəlməyə çalışacağıq”.
Bu gün İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske mətbuat konfransı keçirəcək. Saat 19.00-da isə ispanlar Tofiq Bəhramov adına respublika stadionunda məşq edəcəklər. Son Avropa çempionlarının hazırlığı da mətbuat üçün açıq olacaq. Azərbaycan İspaniya yoldaşlıq görüşünün start fiti isə sabah saat 21.00-da səslənəcək. /ANS TV/