İspaniya çempionatında şou
21 Noyabr 2010 Bazar 09:35
“Barselona” 2010/2011-ci il mövsümündə ən böyük qələbəsini qazandı
Dünən baş tutan futbol üzrə İspaniya çempionatının 12-ci turu katalonlar üçün xüsusilə əlamətdar olub. Belə ki, səfərdə “Almeriya” klubu ilə qarşılaşan “Barselona” 2010/2011-ci il mövsümündə ən iri hesablı qələbəsini qazanıb.

Matçda argentinalı futbolçu Lionel Messi düz üç dəfə fərqlənərək het-trikə imza atıb. Boyan Krkiç isə iki qolla yadda qala bilib. Andres İnyesta və Pedro hərəyə bir dəfə fərqləniblər. Daha bir qolu isə rəqib futbolçu öz qapısına vurub.

Qeyd edək ki, “Almeriya” bu oyunadək keçirdiyi 11 görüşdə qapısında cəmi 10 qol görmüşdü. “Barselona” isə özü üçün səfərdə ən böyük qələbəsini təkrar etdi. Belə ki, komanda 1959-cu ildə “Las-Palmas”ı 8:0 hesabı ilə darmadağın etmişdi. “Barselona” həmçinin “Real”ın 1991/92-ci il mövsümündə səfərdə ard-arda qazandığı altı qələbə göstəricisini təkrarlamış oldu.

Maraq üçün qeyd edək ki, bu matç həm də Messi üçün yadda qalan oldu. Belə ki, argentinalı futbolçu vurduğu üç qolla səkkizinci het-trikinə imza atıb ki, bunun da beşini elə İspaniya çempionatında reallaşdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar