İrəvanda Azərbaycan nümayəndə heyətinə qarşı təxribat!
09 Sentyabr 2009 Çərşənbə 12:05
İdmançılarımızı məşqə aparan mikroavtobusda separatçıların bayrağı asılıb
Gənc cüdoçulardan ibarət Azərbaycan yığma komandası artıq Ermənistanın paytaxtı İrəvandadır. ANS TV-nin İrəvana ezam olunmuş əməkdaşı Gündüz Abbaszadənin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün idmançılarımızı məşqə aparan mikroavobusda Ermənistan və Gürcüstan bayraqları ilə birgə separatçı Dağlıq Qarabağın bayrağı asılıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri Elşad Ələkbərlinin tələbindən sonra bayraq götürülüb.

Qeyd edək ki, 5 idmançının yer aldığı Azərbaycan nümayəndə heyəti sentyabrın 11-də start götürəcək cüdo üzrə gənclər arasında Avropa Çempionatında iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvana səfər ediblər. Nümayəndə heyəti İrəvanda 3 ulduzlu Gongress otelində məskunlaşıb. Azərbaycanlı nümayəndələr Ermənistanın təhlükəsizlik xidməti əməkdaşları tərəfindən qorunurlar.

Cüdoçularımız bu gün yarışın keçiriləcəyi arenada məşq edəcəklər. Sentyabrın 10-da isə gənclər arasında Avropa çempionatının püşkü atılacaq. Həmin gün idmançılarımızın ilkin rəqibləri müəyyən olacaq.

Qeyd edək ki, daha əvvəldən Azərbaycan komandası ilə birlikdə Türkiyə və İsrail yığmalarının eyni mehmanxanada qalacağı bildirilmişdi. İsrail cüdoçuları artıq İrəvandadırlar. Türkiyə komandası isə Ermənistana bu gün gələcək.

Xatırladaq ki, Azərbaycan cüdoçularının Ermənistana səfər zamanı təşkilati məsələlərin müzakirəsi üçün gənclər və idman naziri Azad Rəhimov və Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov Ermənistana səfər etmişdi. Səfər zamanı Azərbaycan tərəfi və Ermənistanın gənclər və idman naziri Armen Qriqoryan və Ermənistan Cüdo Federasiyasının prezidenti Aleksan Avetisyan, eyni zamanda Avropa Cüdo Federasiyası və Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri arasında müqavilə imzalanıb. Müqaviləyə görə, Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqları ilə bir sırada asılması, idmançımızın 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması və himninin səsləndirilməsi və bütün iştirkaçıların bu an ayağa qalxması, BOK tərəfindən səlahiyyətli jurnalistlərin sərbəst şəkildə iştirakının təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar