Valentin Xodukin Bakının “İnter” klubunun baş məşqçisi postundan istefaya göndərilib. Apasport-un xəbərinə görə, 70 yaşlı ukraynalı mütəxəssis komandada başqa vəzifəyə təyin olunub.
Son üç ildə əsas komandanın baş məşqçisi olan Xodukin klubda futbol layihələri üzrə menecer vəzifəsində fəaliyyətini davam etdirəcək. Bu məsələ “İnter”in İdarə Heyətinin (İH) iclasında qəbul olunub. İH-nin üzvləri Xodukinə göstərdiyi fəaliyyətə görə təşəkkür edərək və yeni işində ona uğurlar arzulayıblar.
“İnter”in yeni baş məşqçisi isə gürcü mütəxəssis Kaxaber Tsxadadze təyin edilib. Bakının “Standard” klubunu bir il çalışdırmış 41 yaşlı mütəxəssisin təyinatı ilə bağlı qərar İH-nin iclasında qəbul edilib.
Qeyd edək ki, toplantıda klubun prezidenti Georgi Nikolov ötən mövsüm çərçivəsində əldə edilmiş nəticələr və həyata keçirilmiş layihələr barədə məruzə edib. Müzakirələrdən sonra baş məşqçi dəyişikliyi ilə bağlı qərar qəbul edilib. /ANS PRESS/