“İnter” Çempionlar Liqasına vida etdi
22 İyul 2010 Cümə Axşamı 02:00
Komandamız səfər oyununun əsas vaxtında 0:1 hesabı ilə qalib gəlsə də, penaltilərdə 9:8 hesabı ilə məğlub olub.
Bakının “İnter” klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununu Polşada “Lex” komandasına qarşı keçirib. Bakıda keçirilən ilk oyunda 1:0 hesabı ilə məğlub olan “İnter” səfərdə keçirdiyi oyunun əsas vaxtını uğurla başa vurub. Poznan şəhərinin “Miyeski” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 83-cü dəqiqədə Girts Karlsons fərqlənib.
Oyunun əsas vaxtına əlavə edilmiş iki 15 dəqiqəlik hissələrdə komandalardan heç biri fərqlənə bilməyib. Penalti zərbələrində isə “İnter”in iki oyunçusu-Petar Zlatinov və Dmitri Kruqlov dəqiq olmayıb. Qapıçımız Giorgi Lomaya isə rəqibin penalti zərbələrindən birini dəf edə bilib. “İnter”in sonuncu penalti zərbəsini qapıçı Giorci Lomaya vurub. Lakin onun rəqib komandadakı həmkarı Kşiştof Kotorovski qola imkan verməyib. Beləliklə, “İnter” səfər oyununda 9:8 hesabı ilə məğlub olub və Çempionlar Liqasındakı mübarizəsini dayandırıb. Komandamız bu oyunda qalib gəlsəydi, üçüncü təsnifat mərhələsində Çexiyanın “Sparta” klubu ilə qarşılaşmalı idi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: