Futbol üzrə Türkiyə çempionatının 1-ci liqasında 2008/09 mövsümü başa çatdı. Azərbaycanlı futbolçu İlqar Qurbanovun şərəfini qoruduğu “Boluspor” klubu çempionatı 56 xalla 3-cü pillədə tamamlayaraq play-off mərhələsində mübarizə etmək imkanı əldə edib. 4 komandanın mübarizə aparacağı play-off qarşılaşmalarından sonra, Super Liqaya vəsiqə qazanacaq 3-cü komandanın kimliyinə aydınlıq gələcək. 15-17 may tarixlərində keçiriləcək play-off mərhələsində “Boluspor”la yanaşı, “Altay”, “Kasımpaşa” və “Karşıyaka” klubları da iştirak edəcək. Qarşılaşmalar Ankara Yenikent ASAŞ stadionunda keçiriləcək.
Yarımfinalın ilk matçında İlqar Qurbanovun şərəfini qoruduğu “Boluspor”la “Karşıyaka” üz-üzə gələcək. Mayın 15-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
İlk matç başa çatdıqdan sonra stadion boşaldılacaq, daha sonra ikinci play-off matçı üçün digər komandaların azarkeşləri stadiona daxil olacaq. Çempionatın 4-cüsü “Kasımpaşa”yla 5-ci olan “Altay”ın qarşılaşması isə Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.
Bu iki matçın qalibləri arasında keçiriləcək final matçı isə mayın 17-də Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.
Play-Off (yarımfinal) matçlarının təqvimi
15 May
Boluspor - Karşıyaka 18:00
Kasımpaşa- Altay 22:30
17 May
Boluspor-Karşıyaka matçın qalibi - Kasımpaşa-Altay matçın qalibi FİNAL 22:30
Qeyd edək ki, futbol üzrə Türkiyə çempionatının 1-ci liqasının yekununa əsasən "Manisaspor" və "Diyarbakırspor" Super Liqaya birbaşa vəsiqə qazanıb. Super Liqaya yüksələcək üçüncü komanda isə Play-off matçlarından sonra məlum olacaq./ANS PRESS/