İlham Əliyev Rabitə klubunun üzvlərini qəbul edib
18 Oktyabr 2011 Çərşənbə Axşamı 22:26
İlham Əliyev: Mən bilirəm ki, Rabitə klubu dünya miqyasında çox güclü komanda kimi özünü artıq təsdiq edib.
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qətərin paytaxtı Dohada keçirilmiş klublararası dünya çempionatının qalibi - qadınlardan ibarət “Rabitə” voleybol klubunun üzvlərini qəbul edib.

Prezident İlham Əliyev qazanılmış qələbə münasibətilə voleybolçuları təbrik edərək deyib ki, “Rabitə” voleybol komandası dünya çempionatında böyük uğur əldə edərək çempion adını qazanıb: “Bu, böyük qələbədir. Sizin qələbənizdir. Azərbaycan idmanının qələbəsidir. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Mən bilirəm ki, “Rabitə” komandası dünya miqyasında çox güclü komanda kimi özünü artıq təsdiq edib. Keçən Avropa Çempionlar Liqasında final mərhələsinə gəlib çatmışdır. Bu qələbə isə bir daha komandanın gücünü göstərir və bizim hamımızı ürəkdən sevindirir”.

Prezident çıxışında bildirib ki, bütövlükdə Azərbaycanda idmanın voleybol növü çox uğurla və sürətlə inkişaf edir: “Çox gözəl ənənələr var. Milli komandamız da yaxşı nəticələr göstərir və dünyanın ən güclü komandaları ilə bərabər səviyyədə oyun nümayiş etdirir. Qələbələr də var, məğlubiyyətlər də var. Klublar səviyyəsində isə vəziyyət daha da yaxşıdır. Bizim bir neçə gözəl klublarımız var və onların arasında əlbəttə, “Rabitə” komandası ən yüksək zirvəni fəth edib. Bir daha sizi ürəkdən təbrik edirəm. Siz bütün idman azarkeşlərini, Azərbaycan xalqını sevindirmisiniz. Bizim idmanla bağlı bütün təşəbbüslərimizin ən gözəl nəticəsi, bax, bu böyük qələbədir. Həm klubu, həm federasiyanı, idman mütəxəssislərini təbrik edirəm. Bu, ümumi qələbədir, əlbəttə ki, ilk növbədə oyunçuları təbrik edirəm”.

“Rabitə” klubunun kapitanı Nataliya Məmmədova müxtəlif yarışlarda voleybolçulara verdiyi dəstəyə və bütövlükdə Azərbaycanda voleybolun inkişafına göstərdiyi diqqətə görə dövlət başçısına idmançıların minnətdarlığını çatdırıb. O qeyd edib ki, komandanın uğuru bütün Azərbaycanın uğurudur. “Rabitə” komandasının dünya voleybol klubları arasında birinci yeri tutması isə voleybolçuların Azərbaycan idmanına töhfəsidir.

Komandanın kapitanı üzərində klub üzvlərinin imzası olan topu prezident İlham Əliyevə hədiyyə edib.

Voleybol üzrə milli komandanın baş məşqçisi Faiq Qarayev isə Azərbaycan voleybolunda uğurların təməlinin məhz dövlət başçısı tərəfindən qoyulduğunu vurğulayıb. O, prezident İlham Əliyevin idmançılarla daim təmasda olmasını, onlara verdiyi dəstək və tövsiyələrin qazanılan qələbələrə xüsusi stimul verdiyini söyləyib.

F. Qarayev voleybol üzrə milli yığma komandanın planları barədə də dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev bildirib ki, idmanda əldə edilən uğurlar, həmçinin çoxlu sayda müasir Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi ölkəmizdə yüksək səviyyəli yarışların keçirilməsinə geniş imkanlar açıb. Bu yaxınlarda Bakıda keçirilən boks üzrə dünya çempionatına toxunan dövlət başçısı bildirdi ki, yüzdən çox ölkənin təmsil olunduğu yarışların yüksək səviyyədə təşkili bunu yerində sübut edib.

Prezident İlham Əliyev klubun üzvlərini bir daha təbrik edib. Görüşdən sonra xatirə şəkli çəkdirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar