İlham Əliyev Fərid Mansurova məktub ünvanlayıb
16 İyul 2010 Cümə 23:30
Prezident Olimpiya və İkiqat Dünya çempionunun uğurlarını qeyd edib.
Prezident İlham Əliyev Olimpiya və İkiqat Dünya çempionu Fərid Mansurova məktub ünvanlayıb.
"Hörmətli Fərid Mansurov! Sizi – Azərbaycan güləş məktəbinin görkəmli nümayəndəsini böyük idmandan yola salarkən yarış meydanlarında göstərdiyiniz yüksək nailiyyətlər gözlərimiz önündə canlanır.
Siz beynəlxalq miqyasda tanınan və ölkəmizin idman tarixinə adı parlaq hərflərlə yazılan məşhur idman ustalarındansınız. Zəngin ənənələrə malik Azərbaycan güləş məktəbinin yetirməsi olaraq idman aləmində keçdiyiniz şərəfli yolu hər birimiz qürur və fərəh hissi ilə xatırlayırıq.

İlk qələbələrinizi müstəqil respublikamızın bayrağı altında yunan-roma güləşi üzrə gənclərdən ibarət milli yığma komandamızın tərkibində beynəlxalq miqyaslı yarışlarda qazanmısınız. 2004-cü il Afina Yay Olimpiadasının çempionu adına layiq görülməyiniz isə hamımızı ürəkdən sevindirib. Həmin uğurların davamı kimi sonrakı illər ərzində ikiqat dünya çempionu adını almağınız sizin yüksək səviyyəli peşəkar idmançı olduğunuzu bir daha təsdiq edib.

Ölkəmizdə idmanın inkişafı naminə verdiyiniz töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib və siz “Şöhrət” ordeni, “Tərəqqi” medalı, eləcə də Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü ilə təltif edilmisiniz.

Sizə uzun ömür, cansağlığı və səadət arzulayıram. Ümidvaram ki, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü və yunan-roma güləşi üzrə milli komandamızın baş məşqçisi olmaqla siz respublikamızda bundan sonra da yeni gənc pəhləvanlar nəslinin yetişdirilməsi üçün öz zəngin təcrübə və bacarığınızı əsirgəməyəcəksiniz", - deyə prezidentin məktubunda qeyd edilib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar