İdmançımıza qadağa qoyuldu
17 Fevral 2011 Cümə Axşamı 10:13
Natavan Qasımova CEV-in tələblərinə əməl etməyib
İtaliyanın “Skavolini” (Pesaro) klubuna yenicə transfer olunan azərbaycanlı voleybolçu Natavan Qasımovanın Çempionlar Liqası matçlarında oynamasında problem yaranıb. ANS PRESS-in İtaliya klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Natavan Qasımova Çempionlar Liqası oyunlarında iştirak etmək üçün 31 yanvar tarixinədək Avropa Voleybol Konfederasiyasında (CEV) qeydiyyatdan keçməliymiş.
Voleybolçumuzun “Skavolini”yə transferini həyata keçirən “Shining Stars” menecerlik şirkətinin nümayəndəsi Umut Barışın sözlərinə görə, Natavan Qasımovanın CEV-də qeydiyyatdan keçmə tarixi fevralın 2-nə təsadüf edib. Bu məsələ ilə bağlı “Skavolini” klubunun məhkəməyə müraciət edəcəyi gözlənilir. İtaliya və Azərbaycan Voleybol Federasiyalarının Natavan Qasımovanın məsələsi ilə bağlı CEV-ə şikayət edəcəkləri bildirilir.
Xatırladaq ki, Natavan Qasımova 1985-ci il iyulun 8-də doğulub. Onun 178 sm boyu var. Voleybolçumuz solaxaydır. O, 2004-cü ildə “Azerrail” klubunun tərkibində İspaniyanın Tenerife şəhərində “Dördlər finalı”nda oynayıb. Həmçinin voleybolçu 2005-ci ildə yığma komandamızın heyətində Avropa çempionatında 4-cü yeri tutub.
DOSTLARINLA PAYLAŞ: