İdmançımız Mariya Stadnik qızıl medal qazandı
16 Fevral 2012 Cümə Axşamı 12:37
Mariya Stadnik Kiyev şəhərində fərqlənib.
Ukraynanın paytaxtı Kiyev şəhərində sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir keçirilir. Turnirdə həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımız iştirak edir.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, turnirin ilk günündə güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıblar. Proqrama əsasən, ilk gün 48, 55, 63, 72 kq çəkidə qadın, 55, 66, 84, 120 kq-da sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.
Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Ardıcıl olaraq iki Rusiya və bir Ukrayna təmsilçisinə qalib gələn Stadnik finala yüksəlib. Finalda İrini Merleniyə (Ukr) qalib (1:0, 1:0) gələrək qızıl medala sahib olub.
63 kq çəkidə Olesya Zamula və 72 kq-da Dina İvanova isə bürünc medal əldə edib.
Sərbəst güləşçilərimizdən Yaşar Əliyev (55 kq) və İlya Xamikoyev (84 kq) bürünc medal əldə edib.
Bu gün isə 51, 59, 67 kq çəki dərəcələrində qadın, 60, 74, 96 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq.
DOSTLARINLA PAYLAŞ: