İdmançımız erməni rəqibini məğlub edərək dünya çempionu oldu
21 İyul 2010 Çərşənbə 12:10
Budapeşt şəhərində güləşçilər mübarizə aparırlar.
Macarıstanın paytaxtı Budapeştdə gənclər arasında sərbəst, qadın və yunan-Roma güləşi üzrə Dünya birinciliyi keçirilir. Hər üç növ üzrə Azərbaycan yığma komandası turnirdə iştirak edir.
Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, Dünya birinciliyində ilk gün yunan-Roma güləşi üzrə 50, 60, 74 və 96 kq çəki dərəcəsində pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz ilk gün 2 qızıl medal qazanıb. 50 kq çəkidə Eldəniz Əzizli ardıcıl olaraq meksikalı Pulido Qrimaldini (7:0, 6:0), yapon Seiki Qoyanı (1:0, 7:0), amerikalı Maks Emiliano Nourini (1:0, 6:0), qazax Aysultan Baizakovu (3:0, 1:0) məğlub edərək dünya birinciliyinin qızıl medalını qazanıb. Keçirdiyi bütün görüşlərdə rəqiblərinə xal verməyən Eldəniz ümumi hesabla 32:0 qalib gəlib. 60 kq çəkidə Kamran Məmmədov rumıniyalı Kristinel Motoi (1:0, 4:0), çinli Liang Ma (0:4, 1:0, 1:0), norveç Fredrik Bjerrehuus (3:0, 3:0), erməni Aleksan Mikayelyan (2:0, 2:0) üzərində inamlı qələb qazanaraq finala yüksəlib. Finalda rusiyalı Asker Orşoxduqovla görüşdən də qalib ayrılan Kamran (1:0, 2:0) dünya birinciliyinin qızıl medalını əldə edib.
Bu gün 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. İyulun 22-23-də qadın güləşçilər, 24-25 iyulda isə sərbəst güləşçilər xalça üzərinə çıxacaq.
Yunan-Roma güləşi üzrə yığma komandamızın heyətində Eldəniz Əzizli (50 kq), Qasım Məhəmmədov (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Cunayev (66 kq), Toğrul Yunuslu (74 kq), Şəhriyar Məmmədov (84 kq), Zaur Mehrəliyev (120 kq) yer alıb.
Komandamız turnirə böyük məşqçi Ağalar Aslanov və Zöhrab Abbasovun başçılığı altında yollanıb.
Görüşlərin idarə edilməsində ölkəmizi AGF Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev və Fərəqət Cəlalov təmsil edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: