İdmançılarımız Türkiyəyə səfər edəcək
19 Mart 2010 Cümə 22:30
Azərbaycanı 10 paralimpiyaçı cüdoçu təmsil edəcək
Paralimpiyaçı cüdoçularımız Türkiyəyə səfər edəcəklər. Antalya şəhərində keçiriləcək Dünya çempionatında Azərbaycanın idman şərəfini 10 cüdoçu qoruyacaq. Hazırlıqlarını Sumqayıt şəhəri Paralimpiya kompleksində keçən cüdoçularımız Türkiyədə keçiriləcək dünya çempionatında iştirak etmək üçün martın 23-də səfərə çıxacaqlar.

Yığmanın heyətində isə 10 cüdoçu yer alıb. Baş məşqçi Əhməddin Rəcəblinin rəhbərliyi altında 60 kiloqram çəki dərəcəsində Azərbaycanı Emin İbrahimov və Ceyhun Muradov təmsil edəcək. İlkin alışov 66 kq.-da mübarizə aparacaq. Natiq Novruzzadə, Rövşən Səfərov və Tofiq Məmmədov müvafiq olaraq, 73, 81 və 90 kq. çəki dərəcələrində tatamiyə çıxacaqlar. Ağırlığı 100 kq. olan paralimpiyaçıların mübarizəsində Xəyal Qəniyevə etimad göstərilib. Ən ağırların mübarizəsində isə paralimpiya oyunlarının ikiqat qalibi İlham Zəkiyev fəxri kürsünün ilk pilləsinə qalxmağa çalışacaq. Bundan başqa heyətdə iki xanım da yer alıb, Afaq Sultanova və Çinarə Rzazadə.

Qeyd edək ki, Antalyada keçiriləcək dünya çempionatı 2012-ci il London Paralimpiya oyunlarına lisenziya xarakteri daşıyacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar