İdmançılarımız Olimpiadaya yola düşür
12 Avqust 2010 Cümə Axşamı 17:10
Komandamızın heyətində 5 güləşçi yer alır.
Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına start verilib. 26 növ üzrə keçiriləcək Olimpiya Oyunlarında Azərbaycan yığması 8 növdə 12 idmançı ilə təmsil olunacaq. Sinqapura bu gün yola düşəcək komandamızın heyətində 5 güləşçimiz yer alıb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, onlardan 2-si sərbəst, 2-si yunan-Roma, 1 nəfəri isə qadın güləşi üzrə qüvvəsini sınayacaq.
Yunan-Roma güləşi üzrə Murad Bazarov (42 kq) və Elman Muxtarov (50 kq), sərbəst güləş üzrə Kənan Quliyev (54 kq) və Əli Maqomedabirov (100 kq), qadın güləşində isə Patimat Baqomedova (52 kq) ölkəmizi təmsil edəcək. Güləşçilərimiz olimpiadada sərbəst güləş üzrə yığmamızın böyük məşqçisi Vahid Məmmədov və yunan-Roma güləşi üzrə yığmamızın böyük məşqçisi İlqar Abdulovun rəhbərliyi altında çıxış edəcək.
Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov güləş yarışlarında hakimlik edəcək.
Xatırladaq ki, Sinqapur Olimpiadasında güləş yarışları 15-17 avqustda baş tutacaq. Avqustun 15-də yunan-Roma güləşçiləri, 16-da qadınlar, 17 avqustda isə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: