İdmançılarımız erməni rəqiblərini məğlub etdilər
13 Aprel 2011 Çərşənbə 12:46
Şahmatçılarımız “Dubay Open” turnirində uğurla yarışırlar
Şahmat üzrə “Dubay Open” turniri davam edir. Turnirdə ölkəmizin idman şərəfini 5 şahmatçı qoruyur. Yarışın üçüncü oyun günündə ilk iki oyunu maksimum nəticə ilə başa vurmuş Sərxan Quliyev, erməni Zaven Andriasiana heç bir şans verməyib.
Qədir Hüseynov isə Ermənistan təmsilçisi Ovik Harapetyanı ağ bayraq qaldırmağa məcbur edib. Nicat Məmmədovla Orxan Abdulov isə rəqibləri ilə sülh bağlayıblar. Şahmatçılarımızın yarışda aldığı ilk məğlubiyyət Loğman Quliyevin passivindədir.
Beləliklə, 3 oyundan sonra aktivində 3 xalı olan Sərxan Quliyev birinci pilləni nəzarətdə saxlayır. Nicat Məmmədovla Qədir Hüseynov isə 2 xal yarımla 23-24-cü yerləri bölüşdürürlər. Xatırladaq ki, 9 tur davam edəcək “Dubay Open” turnirinə aprel ayının 18-də yekun vurulacaq.
DOSTLARINLA PAYLAŞ: