İdmançılarımız donmuş şəlaləri fəth edəcəklər
28 Yanvar 2011 Cümə 11:25
Qusarda buzadırmanma üzrə ölkə birinciliyi start götürür.
Azərbaycanın Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatını keçiriləcək. Hava və Ekstremal İdman Növləri Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, yarış bu gündən start götürərək yanvarın 30-da yekunlaşacaq. Buzadırmanma üzrə ölkə birinciliyi Hava və Ekstremal İdman Növləri Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil edilib. Çempionata Rusiya, Türkiyə və Ukrayna idmançılarının qatılacağı gözlənilir.
Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının “Dağ hazırlığı məktəbi”, Respublika Alpinist Turist Klubu, Bakıdan “Ekosport”, “A+A”, “Climb-club”, “Bakı Dövlət Universiteti”, Memarlıq və İnşaat Universitetinin “Edelveys”, “Qərb Universitetinin idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ” klublarının 60 nəfərə yaxın idmançısı iştirak edəcək.
2 turdan ibarət yarışın 29 yanvar 2011-ci il tarixində keçiriləcək I mərhələsində idmançılar mürəkkkəblik üzrə, 30 yanvar 2011-ci il tarixində keçiriləcək II mərhələsində isə sürət üzrə özlərini sınayacaq.
Qeyd edək ki, Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatını idarə edəcək 20 nəfərlik hakimlər dəstəsinə keçən il Rusiyanın Kirov şəhərində Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) tərəfindən keçirilən seminarlarda müvafiq UIAA hakim-aspirantı dərəcəsini almış Nəcəfova Yevgeniya və Əsədov Yaqub tərəfindən təlim keçirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: