Hollandiya millisinin məşqçisi istefa verdi
28 İyun 2012 Cümə Axşamı 03:04
Bert van Marveykin federasiya rəhbərliyi arasında bu barədə razılıq əldə olunub.
Hollandiya millisinin baş məşqçisi Bert van Marveyk öz xahişi ilə tutduğu vəzifədən istefa verib. Hollandiyanın Futbol Federasiyası (KNVB) müqaviləsi 2016-cı ilin Avropa çempionatınadək davam etməli olan mütəxəssisin istefasını qəbul edib.

Uğursuz EURO-2012-dən qayıtdıqdan sonra Bert van Marveyk federasiya rəhbərliyi ilə komandanın gələcəyi ilə bağlı bir neçə dəfə söhbətlər aparıb. Federasiyanın məlumatına görə, danışıqlar dostluq şəraitində keçib və tərəflər yollarını ayırmaq barədə razılığa gəliblər.

“KNVB Bert van Marveykə minnətdarlıq edir. O, 2010-cu ilin dünya çempionatında özünü çox yaxşı göstərdi və komandamızı FİFA reytinqində birinci yerə çıxartdı. Şəxsən mən əəmkdaşlığımızdan razıyam. Əlbəttə, bir-birimizdən ayrılmağımız kədərlidir. Amma realist olmalıyıq”, - KNVB-nin saytı qurumun rəhbəri Bert Van Oystendən sitat gətirir.

KNVB yaxın vaxtlarda yeni baş məşqçi axtarışlarına başlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar