Hollandiya millisi finala çıxdı
07 İyul 2010 Çərşənbə 02:10
Hollandiyalılar Uruqvay yığmasını 3:2 hesabı ilə məğlub etdilər.
Futbol üzrə Dünya Çempionatının ilk finalçısı məlub oldu. Yarımfnal oyununda Hollandiya millisi Uruqvay yığmasını 3:2 hesabı ilə məğlub etdi.
Hollandiyalılar hesabı 18 dəqiqədə açdılar. Kapitan Covanni van Bronkhorstun uzaqdan zərbəsi dəqiq oldu. Cənubi Amerika komandası hesabı birinci hissənin sonlarında bərabərləşdirə bildilər. Bu dəfə Diyeqo Forlanın uzaqdan zərbəsinin qarşısını qapıçı Marten Stekelenburq ala bilmədi.
70-ci dəqiqədə Vesli Sneyder Hollandiya millisini irəli çıxartdı. Mütəxəssislərin fikrincə, Sneyderin zərbəsi zamanı onun komanda yoldaşı Robin van Persi oyundankənar vəziyyətdə olub. O, topa toxunmasa da, hücumda iştirak edirdi. Özbəkistanlı hakim Rovşən İrmatov isə qolu hesaba aldı. Bundan cəmi üç dəqiqə sonra hollandiyalılar hesab arasındakı fərqi artırdılar. Aryen Robben Dirk Keytin ötürməsindən sonra topu başı ilə Uruqvay millisinin qapısına göndərdi.
Uruqvaylılar oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə hesab arasındakı fərqi minimuma endirdilər. Bu dəfə Maksimiliano Pereyra fərqləndi. Lakin Uruqvay millisinin bundan artığına gücü və vaxtı çatmadı.
Beləliklə, Hollandiya millisi Dünya Çempionatının finalına çıxdı. Onun rəqibi bu gün İspaniya və Almaniya yığmalarının qarşılaşmasında müəyyənləşəcək. Oyun Bakı vaxtı ilə saat 23.30-da başlayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: