Heydər zirvəsi yürüşü başlayıb
07 May 2011 Şənbə 16:14
Yürüşdə 130 könüllü iştirak edir
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş növbəti yürüşə start verilib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, iştirakçılar 7 may tarixində Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad etdikdən sonra “Heydər zirvəsi”nə yola düşüblər.
Xatırladaq ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, birgə təşkilatçılığı ilə təşkil olunan yürüşə tanınmış təcrübəli alpinist Saridan Mursaqulov rəhbərlik edir. Bu yürüşə federasiyanın nəzdində yaradılmış 15-dək klubun fəalları, o cümlədən respublikamızın müxtəlif təşkilat və ali məktəblərindən 130 nəfərədək könüllü də qoşulub.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin ad günü ərəfəsində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə təşkil olunan yürüş artıq ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir. Bu da Ulu Öndərin xatirəsinə xalqımızın böyük ehtiramının parlaq nümunəsidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: