Hərbçilərin vəziyyəti ağırdı
30 Oktyabr 2010 Şənbə 20:55
“Turan” komandası MOİK-i məğlub edib.
Unibank Premyer Liqasının XI turunda Tovuzda MOİK klubunu qəbul edən "Turan" rəqibini 2:0 hesabı ilə məğlub edərək cari mövsümdə ilk qələbəsini qazandı. Tovuzluların bu qələbəsi hərbçilərin vəziyyətini bir az da ağırlaşdırıb.

"Bu məğlubiyyətdən sonra komandamız çox ağır vəziyyətlə üzləşib. Əsas heyətin bir neçə oyunçusu zədə səbəbindən bu oyunda da meydana çıxa bilmədi. Buna görə əvəzedici heyətin 4-5 futbolçusunu əsas komandaya cəlb etdik. Fikrimcə, bu oyunda 1 xal bizim olmalı idi, heç-heçəyə nail ola bilərdik. İkinci qolu buraxdıqdan sonra komanda ruhdan düşdü. Meydana hücumçu buraxdıq, "Turan" oyunun sonlarında daha iki qol vura bilərdi. Qarşıdakı oyunlarda uğurlu çıxış edib xal ehtiyatımızı artırmağa çalışacağıq", - deyə MOİK-in baş məşqçisi Ramil Əliyev bildirib.

Turan klubunun baş məşqçisi isə bu qələbənin onlar üçün əhəmiyyətli olduğunu bildirib. "Hər iki komandanın futbolçuları bu oyunun məsuliyyətini və ağırlığını başa düşürdü. Meydanda yaxşı oyun getdi. Turnir cədvəlində MOİK-i qabaqlamaq üçün mütləq qalib gəlməli idik. Hər iki komanda autsayder qrupunda olmasına baxmayaraq, futbolçular yaxşı oyun göstərdi",- deyə "Turan" klubunun baş məşqçisi Revaz Dzodzuaşvili əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar