Hərbçilərimiz Finlandiyada uğur qazandı
14 Avqust 2010 Şənbə 22:35
Dünya çempionatında iştirak edən hərbçilərimiz 4 medal qazanıb.
Finlandiyanın Laxti şəhərində keçirilən hərbçilərin güləş üzrə Dünya çempionatı davam edir. Mülki həyatda bir sıra idman uğurları qazanmış güləşçilərimiz, hərbçi kimi də öz sözlərini deməyi bacarıblar.
Hərbçilərin Dünya çempionatında ilk olaraq güləşin sərbəst üsulunu seçmiş idmançılar mübarizəyə qoşulub. Bu növdə yeganə qızıl medalı komandamıza 60 kiloqram çəki dərəcəsində yarışmış Ağahüseyn Mustafayev qazandırıb. İlk görüşdə polşalı rəqibi Adam Bloku, daha sonra qazaxıstanlı Dövlət Niyazbəyovu məğlub edən Mustafayev, yarımfinalda İran güləşçisi Əhməd Amiranın kürəyini yerə vurub. Həlledici görüşdə Koreyalı Li Jaye Honu üstələmiş həmyerlimiz Dünya çempionu adını qazanıb.
120 kiloqramda güləşmiş Müslüm Müslümovu isə öncə Amerika Birləşmiş Ştatlarından olan Fiş Çarlini mübarizədən kənarlaşdırıb. Çarlidən sonra alman Vaqnor Oldrikə də yerin göstərmiş Müslümov yalnız qızıl medal uğrunda görüşdə büdrəyib. Müslüm iranlı bahadır Cəfər Dəliriniyə məğlub olaraq gümüş medalla kifayətlənib.
74 və 84 kiloqram çəki dərəcələrində müvafiq olaraq Əşrəf Əliyev və Hacı Əlicanov bürünc mükafatlara yiyələniblər.
Əşrəf Əliyev təsəlliverici mərhələdə Belaruslu Roman Soltana qalib gəlib. Hacı Əlicanov isə eyni mərhələdə qazax Ulat Axanovdan güclü olub. Sabah hərbçilərin Dünya birinciliyində güləşin Yunan-Roma növünü seçmiş idmançılar bacarığını nümayiş etdirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: