Həmyerlimiz Cavid Çələbiyev Ukraynada çempion oldu
31 Mart 2013 Bazar 16:16
Boksçu Cavid Çələbiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ukraynanın Xerson şəhərində Nikolay Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, Azərbaycan milli komandası yarışda 1 qızıl və 1 bürünc medala layiq görülüb.

56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev bütün rəqibləri üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz yarımfinalda Ukrayna komandasının üzvü Oleq Prudkini 12:10 hesabı ilə məğlub edib. Finalda isə boksçumuzun rəqibi qırğızıstanlı Meder Mamakeyev olub. Bu dəfə də daha yaxşı döyüş nümayiş etdirən həmyerlimiz 11:10 hesabı ilə qələbə qazanıb.

91+kq çəki dərəcəsindəki təmsilçimiz Kamran Mehdiyev isə yarışı 3-cü yerdə başa vurub. O, yarımfinalda Qazaxıstan idmançısı Jan Kosobutskiyə uduzub – 4:17.

Millimiz 1 qızıl və 1 bürünc medalla ümumkomanda hesabında 5-ci yeri tutublar. Ukrayna yığması 1-ci, Özbəkistan 2-ci, Rusiya isə 3-cü nəticə göstərib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar