Həm rəqs, həm də güləş
17 Mart 2010 Çərşənbə 20:55
Xüsusi ritualları olan milli güləş üzrə Azərbaycan çempionatı keçirilib.
Novruz bayramı ərəfəsində milli güləş üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatın qalibi 1 çəkidə, yəni mütləq çəki dərəcəsində müəyyənləşib.

Milli güləş idmanın sərbəst növünə çox bənzəyir. Qaydalar da demək olar ki, eynidir. Sadəcə, görüş 1 hissədən ibarət olur. Burada döyüşdən əvvəl milli musiqimiz olan cəngi sədaları altında meydana çıxan idmançılar bu musiqiyə uyğun rəqsləri yerinə yetirməlidirlər. Bu rituallar sonda iştirakçının nəticəsinə də təsir edir. Belə ki, görüş heç-heçə başa çatsa döyüşöncəsi hərəkətləri daha yaxşı yerinə yetirən güləşçi qalib gəlmiş olur. Bundan başqa döyüşün sonunda məğlub olan idmançı rəqibini çiyninə alaraq, oyun havalarının sədaları altında döşəkdən çıxarır. Milli güləşdə döyüşdən imtina etmək də mümkündür. Əgər iştirakçılardan kimsə rəqibinin daha güclü olduğunu düşünürsə, onun əlini qaldırır. Bu hadisəyə Azərbaycan çempionatının final görüşündə də baş verib. Sumqayıt təmsilçisi Tural Əliyev Araz Cəfərovla görüşdə əvvəlcədən məğlubiyyətlə razılaşaraq, ikinci yerlə kifayətlənib. Araz Cəfərov isə finalda döyüş keçirmədən Azərbaycan çempionu adını qazanıb.

Yarışın yekununda milli güləş yarışlarının işıqlandırılmasında göstərdiyi köməyə görə ANS TV-nin İdman departamentinə xüsusi mükafat təqdim edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar