Hakan Şükürə sədəqə verdilər
21 Fevral 2012 Çərşənbə Axşamı 06:12
Millət vəkilinin futbol şərhçisi olması ilə bağlı mübahisələr davam edir
Türkiyənin keçmiş milli futbolçusu, hakim Ədalət və İnkişaf Partiyası (AKP) millət vəkili Hakan Şükürə sədəqə göndəriblər. 70 lirə (31 manat) məbləğində sədəqəni Tunceli vilayəti, Pülümür rayonu Kırkmeşə kəndinin muxtarı yollayıb. Muxtar bu addımı millət vəkili olan Hakan Şükürün eyni zamanda “LİG” TV kanalında futbol şərhçiliyi etməsinə etirazını bildirmək məqsədilə atıb.

Muxtar Hıdır Eren öz maaşını Şükürün qazancı ilə müqayisə edərək buna etiraz edir: “Xalqın verdiyi səslə məclisə gedən Hakan Şükür millət vəkili maaşının xaricində xüsusi bir kanaldan da ayda əlavə olaraq 150 000 lirə (67 755 manat) alır. Bir muxtar kimi bu pulu 10 ildə qazana bilmirik. Amma H. Şükürün 1 ayda 8 saaat danışaraq 150 000 lirə alması çox acıdır”.

Ələvi olduğunu da bildirən muxtar 70 lirəni öz əqidəsi istiqamətində Şükürə sədəqə kimi yolladığını bildirib. “Bu gün ələvi icmasının Xızır ayıdır. Hamı Xızır orucu tutur və sədəqə paylayır. Mən də bu 70 lirəni Hakan Şükürə sədəqə kimi yollayıram”.

Hıdır Eren həmçinin parlametin spikeri Cəmil Çiçəyə də müraciət edərək Hakan Şükürü öz işinə cəlb etməsini tələb edib.

Xatırladaq ki, Hakan Şükür bir müddət əvvəl “LİG” TV-nin dəvəti ilə futbol şərhçisi olmaq üçün bu kanalla müqavilə bağlamış, xüsusilə müxalifət millət vəkilləri Şükürün bu hərəkətinə etirazlarını bildirmişdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar