Hakan Şükür siyasətdə qalmaqal yaratdı
05 Yanvar 2012 Cümə Axşamı 06:57
Hakan Şükür siyasətdə qalmaqal yaratdı. Millət vəkilinin özəl telekanallardan biri ilə idman analizçisi kimi müqavilə bağlaması ölkədə mübahisələrə səbəb olub.
Türkiyə A Milli futbol komandasının və “Qalatasaray” klubunun keçmiş futbolçusu, hakim Ədalət və İnkişaf partiyasının millət vəkili Hakan Şükürün özəl telekanallardan biri ilə idman analizçisi kimi müqavilə bağlaması ölkə siyasətində mübahisələrə səbəb olub. Jurnalistlərin bu istiqasmətdəki sualına cavab verən Türkiyə Böyük Millət Məclisinin (TBMM) baş katibi İrfan Nəziroğlu burada bir problem görmədiyini deyib. TBMM spikeri Cəmil Çiçək isə bu işin millət vəkilliyi ilə uyğun olub olmamasının araşdırılması təlimatını verib.
Anamüxalifətçi Cumhuriyyət Xalq Partiyası (CHP) millət vəkili və TBMM Konstitusiya uzlaşma komissiyasının üzvü Atilla Kart mövzu barədə məclisə deputat sorğusu göndərib. Kart, ölkədə “idmanda və futbolda danışıqlı oyun” məsələsinin müzakirə olunduğu bir vaxtda iqtidar millət vəkilinin belə bir işlə məşğul olmasının qalmaqal yaradacağını deyib.
TBMM Konstitusiya komissiyasının sədri Burhan Kuzu isə millət vəkillərinin başqa bir sahədə biznes fəaliyyəti ilə məşğul olub-olmaması məsələsinin ən çox çətinlik çəkdiyi mövzu olduğunu etiraf edib: “30 illik Konstitusiya professorluğum dövründə ən çox çətinlik çəkdiyim, dəqiq cavab verə bilmədiyimi məsələ bu olub. Ona görə də dərslərimdə millət vəkilliyi ilə uyğun olmayan işlər barədə danışsam da imtahanlarda tələbələrimə belə bir sual verməmişəm. Yeni Konstitusiya çərçivəsində bəlkə bu məsələ də müzakirə olunaraq dəqiqləşdirilməlidir”.
DOSTLARINLA PAYLAŞ: