Gürcüstan höküməti söz verdi
06 Avqust 2014 Çərşənbə 18:31
Çixura - Neftçi oyununda istənilən təxribatın qarşısını almağa hazırıq.
Gürcüstan höküməti Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək "Çixura" (Saçxere) və "Neftçi" (Bakı) komandaları arasında sabah oynanılacaq qarşılaşmada təxribatların qarşısını almağa hazır olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, qonşu ölkənin gənclər və idman naziri Levan Kipiani verdiyi açıqlamada dünən Gürcüstan Futbol Federasiyasında fövqəladə görüş keçirildiyini və görüşdə təhlükəsizlik məsələlərinin nəzərdən keçirildiyini deyib.

Onun sözlərinə görə, təşkilati məsələlər üzərində nəzarət Gənclər və İdman Nazirliyinin birbaşa səlahiyyətindədir: "Dünən Federasiyada fövqəladə görüş olub. Təhlükəsizliyin təmin edilməsi üçün göstərilən məsələnin həllinə müxtəlif strukturlar qoşulub. Əlbəttə ki, bir neçə gün əvvəl baş vermiş insident təkrarlanmamalıdır".

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 7-də Tiflisin "Lokomotiv" stadionunda keçiriləcək. Tərəflər arasında ilk görüş qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" və Gürcüstanın "Çixura" futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar