Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə ikinci «Qızıl Qran-Pri» turnirinin ikinci yarış günündə Bakı İdman Sarayı qadın güləşçilərinin ixtiyarına verilib. Xalça üzərində 11 qadın güləşçimiz medallar uğrunda mübarizə aparsa da, onlardan beşı əliboş qalmayıb.
Komandamızın heyətində ən yüksək əyarlı medalı 67 kq çəki dərəcəsində yarışmış Zümrüd Qurbanhacıyeva qazanıb. O, finalda rusiyalı Yuliya Bartonvskayaya qalib gələrək, Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Qızıl Qran-Pri»nin qalibi adını qazanıb.
Ağırlığı 55 kq olan idmançıların mübarizəsində təmsilçimiz Yuliya Radkeviç yalnız final döyüşündə yapon Maçukaşe Çikakoya məğlub olaraq gümüş medalla kifayətlənib.
Yığmamızın lideri 48 kq çəkili Mariya Stadnikin də yolunu yaponiyalı idmançı kəsib. Stadnik yarımfinalda uduzsa da, bürünc medal şansını əldən verməyib. Təsəlli finalında o, Kanada güləşçisi Lindsey Raştondan üstün olub.
Yığmamızın daha iki üzvü də bürünc medal qazanıb. 55 kq çəkisində Sona Əhmədli, 59 kq-da isə Elvira Mürsəlova fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Digər xanım güləşçilərimiz isə medalsız qalıb.
Xatırladaq ki, qızıl medal qazanmış güləşçimiz 10 min dollar pul mükafatına da sahib çıxıb. Gümüş medalçılar şəxsi büdcələrini 5, bürünc medal qazananlar isə 2 min dollar zənginləşdiriblər. /ANS TV/