Güləşçimiz Qalib Əliyev erməni rəqibinə qalib gələrək Avropa çempionu oldu
21 İyun 2012 Cümə Axşamı 10:56
Qalib Əliyev inamlı qələbə qazanıb.
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. İyunun 20-də sərbəst güləş üzrə 55, 66, 84 və 120 kq çəki dərəcələrində ən güclülər müəyyənləşib. Çempionatın ikinci günündə güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə edib.
55 kq çəki dərəcəsində Qalib Əliyev inamlı qələbələrini final görüşündə də davam etdirib və Avropa çempionu adını qazanıb. Təmsilçimiz ardıcıl olaraq ukraynalı, bolqar və rus rəqibləri üzərində qələbə qazanıb və finala yüksəlib. Finalda erməni güləşçisi ilə görüşdən də tam üstünlüklə (5:0) ayrılan Qalib Əliyev fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
120 kq çəkidə yığmamızı təmsil edən Əli Maqomedabirov macar, türk və ukraynalı rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda Rusiya təmsilçisi üzərində qələbə əldə edən güləşçimiz Avropa çempionu olub və yığmamıza növbəti qızıl medalı qazandırıb.
84 kq çəkidə mübarizə aparan Pərviz Axundov isə bürünc medal qazanıb. Həlledici görüşdə slovakiyalı güləşçidən üstün olan təmsilçimiz çempionatı 3-cü sırada tamamlayıb.
Ümumilikdə, 3 qızıl və 3 bürünc medal qazanan sərbəst güləş üzrə yığma komandamız 56 xalla komanda hesabında ikinci olub. Komanda hesabında ilk sırada Rusiya (67 xal), 3-cü sırada isə Türkiyə (47 xal) qərarlaşıb.
Bu gün isə Avropa çempionatında gənc qızlar mübarizəyə qoşulacaq.
DOSTLARINLA PAYLAŞ: