Güləşçilərimizin növbəti hədəfi Serbiyadır
22 İyul 2009 Çərşənbə 12:25
Arif Fərmanov ən aşağı çəki dərəcəsində döşək üzərinə çıxacaq Kəmalə Əliyevadan medal ğözləyir

 

Güləşçilərimizin beynılxalq “Qızıl Qran-Pri” turnirindəki uğurlu çıxışının davamını indi yeniyetmə bahadırlarımız gətirmək istəyirlər. Belə ki, ilin təqvim planına əsasən bu həftə yeniyetmə qız güləşçilərimiz Serbiyada keçiriləcək Avropa birinciliyində medallar uğrunda yarışacaq. Yeniyetmə qızlarda ibarət yığma komandanın məşqçisi Arif Fərmanov öləkimizin Serbiyada dörd güləşçi ilə təmsil olunacağını söyləyib. 46 kq-da Kəmalə Əliyeva, 49 kq çəki dərəcəsində Fatma Əhmədova, ağırlığı 52 kq olan güləşçilərin yarışında Nigar Əhmədova və 56 kq çəkidə Solmaz Həşimzadə mübarizə aparacaq.

Qeyd edək ki, qızlar iki ildir ki, güləş idman növünün sirlərinə yiyələnirlər. Arif Fərmanov yetirmələrinin hər birinin hazırlığından razılıq etsə də, ən aşağı çəki dərəcəsində döşək üzərinə çıxacaq Kəmalə Əliyevadan medal ğözlədiyini deyib: “Kəmalədən və Fatmadan uğur gözləyirəm. Üçüncü, ikinci yer ola bilər. Amma Kəmalədən birinci yeri də gözləyirəm.”

Komandamız artıq Serbiyadadır. Bu gün hakimlər komitəsi zəriflərimizin çəkilərinə bir daha nəzər yetirəcəklər. Sabah isə yeniyetmə xanımlarımız Avropa birinciliyinin medalları uğrunda mübarizəyə başlayacaqlar. Avropa birinciliynə yeniyetmə Yunan-roma güləşçilərinin mücadiləsi ilə yekun vurulacaq. Yarışda Azərbaycanın idman şərəfini 9 Yunan-roma güləşçisi qoruyacaq. Aşağı çəki dərəcələrində Elman Muxtarov, Emin Novruzov, Eldəniz Əzizli və Tahir Niftəliyev onlara olan etimadı doğrultmalıdırlar. Orta və orta ağır çəkilərdə isə komanda rəhbərliyi Hüseynqulu Əlimcanov, Məmmədqulu Müzəffərov, Toğrul Yunuslu, Fuad Əliyev və Süleyman Babayevin uğurlu çıxışına ümid edir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar