Türkiyənin İzmir şəhərində yeniyetmələr arasında keçirilən Yunan-Roma və sərbəst güləş üzrə sayca 12-ci beynəlxalq «Zəfər Turniri»nə yekun vurlub. 17 ölkədən 400-ə yaxın idmançının iştirak etdiyi yarışın sonuncu günü Azərbaycan güləşçiləri daha 4 medal qazanıblar. Yunan-Roma güləşçilərinin mübarizəsində Eldəniz Əzizli (50 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. 85 kq çəkidə yarışan Süleyman Babayev isə bürünc medal qazanıb. Sərbəst növdə 63 kq çəki dərəcəsində çıxış edən Ruslan Şükürov finaladək irəliləyib, amma həlledici görüşdə türkiyəli Mustafa Kayaya məğlub olaraq gümüş medalla kifayətlənib. Digər güləşçimiz Elcan Usubzadə də finala kimi irəliləsə də, final görüşündə rusiyalı Albert Tsipionva məğlub olaraq yarışı 2-ci pillədə tamamlayıb. Ümumilikdə 3 qızıl, 3 gümüş, 6 bürünc medal qazanan Azərbaycan milli komandası Yunan-Roma güləşində turniri ikinci, sərbəst güləşdə isə 3-cü pillədə başa vurub. Hər iki növdə yarışın qalibi adını isə Türkiyə millisi qazanıb./ANS PRESS/