Güləşçilərimiz Türkiyədən 8 medalla qayıdır
15 Fevral 2011 Çərşənbə Axşamı 17:43
İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr edilmiş turnir başa çatıb
Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə 39-cu beynəlxalq turnir başa çatıb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 11-13 fevral 2011-ci il tarixdə keçirilən turnirdə sərbəst güləş üzrə 20, qadın güləşi üzrə 15 ölkədən 274 güləşçi mübarizə aparıb.
Azərbaycanın sərbəst və qadın güləşi üzrə yığma komandaları da turnirdə iştirak edib. Sərbəst güləş yığmamız 2 qızıl, 2 bürünc medal qazanmaqla komanda hesabında üçüncü, qadın güləşçilərimiz isə 2 qızıl, 1 gümüş və 1 bürünc medalla komanda hesabında turnirin qalibi olub.
Qadınlar arasında keçirilən yarışlarda Mariya Stadnik (48 kq) və Nadya Sementsova (67 kq) qızıl, Olesya Zamula (63 kq) gümüş, Yuliya Ratkeviç (59 kq) bürünc medal qazanıb. Sərbəst güləş yarışlarında Zəlimxan Hüseynov (66 kq) və Xetaq Qazyumov (96 kq) qızıl, Toğrul Əsgərov (60 kq) və Novruz Temrezov (84 kq) bürünc medala sahib olub.
DOSTLARINLA PAYLAŞ: